Balkan yarımadasında ən gözəl şəhərlər və gəzməli yerlər
Balkan yarımadası zəngin tarixi, mədəni müxtəlifliyi və təbiət möcüzələri ilə dünyanın ən cazibədar bölgələrindən biridir. Şərqin və Qərbin mədəniyyətləri ilə iç-içə olan bu region hər bir ziyarətçiyə fərqli təəssüratlar bəxş edir. Balkanlarda yerləşən şəhərlər tarixi abidələri, rəngarəng küçələri və gözoxşayan mənzərələri ilə diqqət çəkir. Bu yazımızda Balkan yarımadasının ən gözəl şəhərlərini və gəzməli yerlərini təqdim edəcəyik.
Mündəricat
Balkan yarımadasında gəzməli ən gözəl şəhərlər
Balkanlarda yerləşən şəhərlər həm qədim memarlığı, həm də müasir həyatı ilə diqqət çəkir. Sarayevo, Dubrovnik, Belqrad, Skopye kimi şəhərlər Balkanlarda səyahət edənlər üçün mütləq ziyarət edilməli məkanlar arasındadır. Hər bir şəhərin özünəməxsus atmosferi və mədəni irsi səyahətçilərə unudulmaz təcrübələr təqdim edir.
Dubrovnik, Xorvatiya
Dubrovnik Xorvatiyanın cənubunda yerləşən bir şəhərdir və "Adriatik dənizinin incisi" kimi tanınır. Şəhərin qədim divarları içərisində yerləşən tarixi məhəllələr UNESCO-nun Dünya İrsi siyahısına daxildir. Orta əsr memarlığı ilə tanınan bu şəhər xüsusilə də yay mövsümündə turistlərin axınına məruz qalır. Dubrovnikin dar küçələri, meydanları və Adriatik dənizinin möhtəşəm mənzərələri insanı valeh edir. Burada məşhur Stradun küçəsi, Lovrijenac qalası və qədim şəhər divarları kimi görməli yerlər var. Həmçinin, Dubrovnik "Taxt-tac oyunları" serialının çəkildiyi əsas məkanlardan biridir.
Sarayevo, Bosniya və Hersoqovina
Sarayevo Balkanların ən maraqlı və zəngin mədəniyyətə sahib şəhərlərindən biridir. Burada Osmanlı, Avstriya-Macarıstan və digər sivilizasiyaların izlərini görmək mümkündür. Şəhərin mərkəzi olan Baščaršija bazarı Osmanlı dövründən qalma bir bazardır və hələ də öz qədim atmosferini qoruyur. Burada gəzərkən Sarayevonun bir vaxtlar niyə "Şərqin Qüdsü" adlandırıldığını daha yaxşı anlayacaqsınız. Latın Körpüsü Birinci Dünya Müharibəsinin başlanğıc nöqtəsi olan yerdir və tarixi baxımdan böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Sarayevo dağlarla əhatə olunmuşdur və qış idmanları üçün də ideal bir yerdir.
Belqrad, Serbiya
Serbiyanın paytaxtı olan Belqrad Balkan yarımadasının ən qədim şəhərlərindən biridir. Dunay və Sava çaylarının birləşdiyi yerdə yerləşən bu şəhər həm qədim tarixi, həm də müasir həyatı ilə tanınır. Belqradın ən görməli yerlərindən biri olan Kalemegdan qəsri şəhərin simvoludur. Burada həm tarixi yerləri gəzmək, həm də çay mənzərəsindən zövq almaq olar. Belqrad həmçinin canlı gecə həyatı ilə məşhurdur – şəhərdə hər gecə müxtəlif növ musiqi festivalları və tədbirlər keçirilir.
Tirana, Albaniya
Tirana Albaniyanın paytaxtı və mərkəzi şəhəridir. Bu şəhər son illərdə sürətlə inkişaf edən, modernləşən və hər gün daha da canlı bir yerə çevrilən bir məkandır. Tirana gələn turistlər həm qədim tarixi abidələri, həm də müasir memarlıq nümunələrini görə bilərlər. Şəhərdə Osmanlı və kommunist dövrlərinin təsiri hələ də hiss olunur, bu da Tirana unikallıq verir. Tirananın mərkəzində Skanderbeg Meydanı yerləşir və bu meydan Albaniyanın milli qəhrəmanı Skanderbegin nəhəng heykəli ilə bəzədilib. Burada həmçinin Et'hem Bey məscidi Osmanlı dövründən qalan gözəl bir dini abidədir və yerli mədəniyyətin bir hissəsini təşkil edir.
Kişinyov, Moldova
Kişinyov Moldovanın paytaxtı və ən böyük şəhəridir. Şəhər Dinyester çayının yaxınlığında yerləşir və ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi hesab olunur. Kişinyov, parkları və geniş küçələri ilə tanınır, buna görə də çox vaxt "yaşıl şəhər" adlandırılır. Moldova şərab istehsalı ilə məşhur olduğundan, Kişinyovda bir çox şərab zavodları və müasir şərab mədəniyyəti ilə bağlı yerlər mövcuddur.Kişinyovda ziyarət etməli olduğunuz yerlərdən biri Ştefan cel Mare Parkıdır. Bu park Moldovanın milli qəhrəmanı Ştefan cel Marenin heykəlinin yerləşdiyi ən məşhur yerlərdən biridir və şəhərin ürəyində yer alır. Burada həmçinin Triumf Tağını ziyarət edə bilərsiniz, hansı ki, Moldova xalqının müstəqillik və tarixini simvolizə edir.
Balkan yarımadasındaki təbiət möcüzələri
Balkan yarımadası təkcə zəngin tarixi və mədəniyyəti ilə deyil, həm də gözoxşayan təbiət möcüzələri ilə tanınır. Bu bölgə sıx meşələri, kristal təmiz suları, dağ zirvələri və unikal landşaftları ilə səyahətçilərə unudulmaz təbiət təcrübələri təqdim edir. Balkanlarda yerləşən milli parklar, göllər və dağlar həm macəra axtaranlar, həm də sakitlik və təbiətə yaxınlaşmaq istəyənlər üçün ideal məkanlardır. Hər biri özünəməxsus cazibədarlığı ilə fərqlənən bu təbiət möcüzələri Balkan yarımadasının gözəlliyini daha da vurğulayır.
Plitviçe Milli Parkı, Xorvatiya
Xorvatiyanın ən məşhur milli parklarından biri olan Plitviçe təbiət həvəskarlarının mütləq görməli olduğu bir yerdir. Parkda 16 təbii göl və çoxsaylı şəlalələr var. Bu möhtəşəm mənzərəni gəzmək üçün müxtəlif səyahət marşrutları mövcuddur. Parkın zəngin bitki örtüyü və təmiz havası bura gələnləri cəlb edir. Plitviçe Milli Parkı Xorvatiyanın ən mühüm təbiət irslərindən biri sayılır və UNESCO-nun Dünya İrsi siyahısında yer alır.
Kotor Körfəzi, Monteneqro
Kotor körfəzi Monteneqronun cənub sahilində yerləşən möhtəşəm bir təbiət möcüzəsidir. Adriatik dənizinin bu sahilində yerləşən şəhər UNESCO tərəfindən qorunan tarixi yerləri və təbiət gözəllikləri ilə diqqət çəkir. Orta əsr memarlığı və sakit körfəz mənzərələri bura turistlərin əsas cəlb nöqtələridir. Kotorun dar küçələrində gəzərkən şəhərin qədim keçmişinə səyahət edə bilərsiniz. Xüsusilə, Kotor qalası əzəmətli mənzərələri və möhtəşəm tarixi ilə turistlərin sevimli yeridir.
Ohrid Gölü, Şimali Makedoniya
Ohrid Gölü Balkanların ən qədim və ən dərin göllərindən biridir. Şimali Makedoniya və Albaniya arasında yerləşən bu təbii gözəllik, eyni zamanda, tarixi əhəmiyyəti ilə də önəmlidir. Bu şəhər qədim kilsələri, qalaları və dar küçələri ilə turistləri özünə cəlb edir. Gölün təmiz və saf suları üzgüçülük və gəmi turları üçün idealdır. Balkan ölkələrinə səyahət edərkən əsas şəhərlərin bir çoxuna birbaşa uçuşlarımızdan faydalanın və rahat bir səfər təcrübəsi yaşayın.