"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Məxfilik Sənədi
1. Ümumi müddəalar
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) fərdi məlumatlar operatoru kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq, öz müştərilərinin (məlumat sahibləri) fərdi məlumatlarının toplanılması, işlənilməsi və mühafizəsinə xüsusi əhəmiyyət verir.
AZAL-ın Məxfilik Sənədi (Sənəd) Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununun (Qanun) tələblərinə uyğun olaraq işlənib hazırlanıb və müştərilərin fərdi məlumatlarının toplanılması, işlənilməsi və mühafizəsinin şərtlərini müəyyənləşdirir.
Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş təməl insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülük, dəqiqlik və məsuliyyət prinsiplərinə uyğun olaraq həyata keçirilir.
Toplanılmış fərdi məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunur, məhv edilir və ya arxivləşdirilir.
2. Məlumatların əldə olunması formaları
Bu Sənəd aşağıdakı formada (vasitələrlə) toplanılan fərdi məlumatları əhatə edir:
• Çağrı Mərkəzi, satış ofisləri, uçuş zamanı göstərilən xidmətlər, təkliflər və şikayətlər, uçuşa qeydiyyat, sorğular və anketlər, AZAL-ın rəsmi sosial media və mesajlaşma platformaları vasitəsilə əldə edilən məlumatlar;
• AZAL-ın loyallıq proqramlarının rəsmi internet səhifələri və mobil tətbiqi vasitəsilə əldə edilən məlumatlar;
• aviabilet satışını həyata keçirməklə səlahiyyətləndirilmiş agentlər, müxtəlif satış kanalları, biznes partnyorları vasitəsilə əldə edilən məlumatlar;
• AZAL-ın rəsmi internet səhifəsi və mobil tətbiqi vasitəsilə bilet və əlaqəli xidmətlərin alışı (sifarişi) zamanı əldə edilən məlumatlar.
3. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin hüquqi əsası
Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, fərdi məlumatların toplanılması və işlənilməsi aşağıdakı şərtlərdən biri oluqda həyata keçirilə bilər:
• müştəri öz fərdi məlumatlarının toplanılmasına və işlənilməsinə razılıq verdikdə və yaxud belə informasiya ictimaiyyətə açıq olduqda;
• fərdi məlumatlar onların toplanılması və işlənilməsi məqsədlərini və metodlarını təyin edən qanunvericilik əsasında işlənildikdə;
• fərdi məlumatların işlənilməsi mütləq şəkildə anonimləşdirilməsi ilə elmi və statistik tədqiqat məqsədləri üçün həyata keçirildikdə;
• fərdi məlumatların toplanılması və işlənilməsi məlumat subyektinin həyat və sağlamlığını qorumaq üçün zəruri olduqda.
AZAL-ın xidmətlərini almaqla və ya rezerv etməklə müştəri bu Sənədi oxuduğunu elan edir və aşağıdakılara razılığını verir:
• bu Sənədə uyğun olaraq, AZAL tərəfindən aşağıda "Toplanılmış və işlənilmiş fərdi məlumatların kateqoriyaları" bölməsində göstərilən siyahıya uyğun olaraq, öz fərdi məlumatlarının toplanılmasına və işlənilməsinə;
• aşağıda "Toplanılmış və işlənilmiş fərdi məlumatların kateqoriyaları" bölməsində göstərilən siyahıya uyğun olaraq, fərdi məlumatların yalnız hazırkı Sənəddə qeyd olunduğu kimi, fərdi məlumatların toplanılması və işlənilməsi məqsədləri üçün fərdi məlumatların adekvat mühafizəsini təmin edən digər yurisdiksiyalara transsərhəd ötürülməsi.
Belə razılıq müştəri tərəfindən yazılı şəkildə geri götürülənə qədər qüvvədə qalır.
AZAL xidmətlərin keyfiyyətinin yaxşılaşdırması, xidmətlərin spektrini genişləndirməsi, xidmətlərdən istifadənin asanlaşdırması və müştərilərin fərdi məlumatlarının mühafizəsinin təmin edilməsi məqsədilə müştərilərin fərdi məlumatlarının işlənilməsi prosesinə üçüncü şəxsləri cəlb etmək hüququna malikdir. Üçüncü şəxslərin cəlb edilməsi yalnız AZAL ilə üçüncü şəxslər arasında müqavilə münasibətləri əsasında həyata keçirilə bilər.
4. Toplanılan və işlənilən fərdi məlumatların kateqoriyaları
AZAL aşağıdakı məlumatları toplayır və işləyir:
Şəxsiyyəti təsdiq edən sənədlərə dair məlumatlar - ad, soyad, milliyyət (vətəndaşlıq), doğum tarixi, cins, səyahət sənədlərinin növü və nömrəsi, onların qüvvədə qalma və bitmə tarixi, sənədin verildiyi ölkə və müştəri/istifadəçi tərəfindən AZAL-a təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlərdə əks olunan digər məlumatlar;
Əlaqə məlumatları - telefon nömrəsi, mobil nömrə, e-poçt ünvanı, sosial media hesabları, faktiki yaşayış və ya qeydiyyat ünvanı və müştəri/istifadəçi tərəfindən AZAL-a təqdim olunan digər əlaqə məlumatları;
Uçuş (bilet) məlumatları - uçuş marşrutu haqda məlumatlar, uçuş tarixi və vaxtı, biletləri almaq üçün istifadə edilən kanallar və biletin alınma yeri (alış ünvanı, o cümlədən IP ünvanları);
Müştəri sorğularına dair məlumatlar - CDR (zənglərin ətraflı uçotu), çağrı mərkəzinin məlumatları, ödəniş kartının məlumatları, kassa orderləri və müştərinin/istifadəçilərin AZAL-a verdiyi sorğuya dair digər məlumatlar;
Hesabın mühafizəsi ilə bağlı məlumatlar - rəqəmsal kanallarda təqdim olunan məhsullar və ya xidmətlərdən istifadə edərkən yaradılan fərdi hesab məlumatları (istifadəçi adı və şifrə);
Riskin idarəedilməsi məlumatları - dövlət orqanları tərəfindən müştəriyə dair təqdim olunan müxtəlif sorğuların nəticələri və uçotları, uçuşun qadağan olunması ilə bağlı mühafizə sorğularının uçotları, ünvan qeydiyyatı sisteminin uçotları, IP ünvanına nəzarətə dair uçotlar və bu kateqoriyadan olan digər məlumatlar;
Maliyyə məlumatları - AZAL-ın məhsullarını və xidmətlərini alarkən şəxs tərəfindən həyata keçirilmiş ödənişlər zamanı toplanan məlumatlar (kredit/debit kartının məlumatları, bank hesabının məlumatları, IBAN məlumatlar, balans haqda məlumatlar və digər maliyyə məlumatları);
Fərdi məlumatların xüsusi kateqoriyaları - sağlamlıq haqda məlumatlar, allergiyalar, qida seçimlərinə dair məlumatlar, əlillik (sağlamlıq məhdudiyyətləri) barədə məlumatlar və uçuşa təsir edən və xüsusi xidmətlərin göstərilməsi üçün tələb olunan digər məlumatlar.
Marketinq məlumatları - marketinq məqsədləri üçün istifadə olunan, istifadəçinin vərdişlərini əks etdirən hesabatlar və qiymətləndirmələr, kuki məlumatları (cookie), məlumat bazasını genişləndirmək üçün toplanan məlumatlar, məmnuniyyət sorğuları, məlumat toplama kampaniyaları və birbaşa marketinq fəaliyyətlərinin qiymətləndirilməsinin nəticələri, habelə bu kateqoriyadan olan digər məlumatlar.
5. Fərdi məlumatların toplanılması və işlənilməsinin məqsədləri
Fərdi məlumatlar aşağıdakı məqsədlər üçün toplanılır:
• göstərilən xidmətlərin (məhsulların) təkmilləşdirilməsi;
• millərin təqdim olunması;
• səyahət rezervasiyalarının idarə edilməsi və AZAL tərəfindən göstərilən digər xidmətlərə çıxışın təmin olunması;
• müştərilər ilə kommunikasiyanın qorunub saxlanılması və müştərilər ilə münasibətlərin idarə edilməsi;
• əməliyyatlara dair kommunikasiyanın təmin olunması;
• müştəri təcrübəsinin fərdiləşdirilməsi və yaxşılaşdırılması;
• məhsullarımız və ya xidmətlərimiz barədə məlumatların təqdim olunması;
• müştərilərin xidmətlərdən məmnuniyyətini ölçülməsi;
• anketlər, sorğular və geri bildirimlər vasitəsilə xidmətin keyfiyyətini qiymətləndirməsi;
• müştərilərə fərdiləşdirilmiş təkliflərin göndərilməsi;
• qəza və bədbəxt hadisə idarəetmə əməliyyatlarının icrası;
• qanunvericiliyin tələblərinə riayət etmə;
• maliyyə və ya mühasibat əməliyyatlarının aparılması;
• informasiya texnologiyası infrastrukturunun yaradılması və informasiya təhlükəsizliyi proseslərinin və əməliyyatlarının icrası və onlara nəzarət;
• fırıldaqçılıq və digər qanunsuz hərəkətlərin qarşısının alınması.
6. Fərdi məlumatların ötürülməsi
Qanunun 13-cü və 14-cü maddələrində nəzərdə tutulmuş müəyyənləşdirilən Müştərinin fərdi məlumatları qanunun tələblərə uyğun olaraq üçüncü şəxslərə ötürülə bilər. Müştərinin fərdi məlumatları aşağıdakı üçüncü şəxslərə ötürülə bilər:
• AZAL-ın struktur bölmələri və tabe qurumları;
• Təchizatçılar və biznes tərəfdaşları;
• Maliyyə qurumları;
• Daşınmanın həyata keçirildiyi xarici dövlətlər, səlahiyyətli beynəlxalq təşkilatlar;
• Dövlət orqanları.
7. Elektron bildirişlərin göndərilməsi
AZAL xidmətləri barədə məlumat təqdim etmək, müştərilərə fərdiləşdirilmiş təkliflər göndərmək, məhsullarını və xidmətlərini təşviq etmək, habelə müştəriləri kampaniyalar haqqında məlumatlandırmaq məqsədilə müştərinin əlaqə vasitələrinə yazılı (rəqəmsal) bildirişlər göndərə bilər. Müştəri belə bildirişlərin abunəliyindən çıxmaq imkanına malik olacaq.
8. Müştərinin (məlumat sahibinin) hüquqları
Müştəri aşağıdakı hüquqlara malikdir:
• informasiya sistemində özü barəsində fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq;
• informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin Müştəri üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;
• informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;
• informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;
• informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək;
• özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;
• informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
• informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək;
• özü barəsində toplanılan və işlənilən fərdi məlumatların olduğu informasiya sistemlərinin uyğunluq sertifikatının mövcudluğu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumat almaq;
• Qanunla və Azərbaycan Respublikasının başqa normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
İstifadəçi yuxarıda qeyd olunan hüquqlardan istifadə etmək və öz sorğularını AZAL-a göndərmək üçün aşağıdakı əlaqə məlumatları vasitəsilə AZAL ilə əlaqə saxlaya bilər. Sorğunun xüsusiyyətindən asılı olaraq, cavab "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilən vaxt məhdudiyyətləri daxilində təqdim ediləcək.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti AZ1044, Baku, Azerbaijan Tel: +994 12 497 26 00 Faks: +994 12 598 52 37 E-poçt: airline@azal.az
9. Məlumatların mühafizəsi
AZAL Müştərilərin fərdi məlumatlarını qorumaq və fərdi məlumatlara icazəsiz çıxış, təsadüfi məlumat itkisi, qəsdən silinmə və ya zədələmə ilə əlaqəli riskləri minimuma endirmək üçün kompleks texniki və uyğunluq tədbirlərini həyata keçirir.
Bu baxımdan AZAL:
• Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların mühafizəsi üzrə tələblər"də qeyd olunan tədbirləri həyata keçirməklə məlumatların mühafizəsini təmin edir;
• AZAL daxilində fərdi məlumatlara çıxış məlumatların xüsusiyyəti əsasında və "xüsusi məlumatlara çıxışın zəruriliyi" çərçivəsi daxilində nəzarət olunan proses vasitəsilə idarə edilir;
• fərdi məlumatların xüsusi kateqoriyalarına çıxış üçün daha ciddi tədbirlər həyata keçirir;
• daxili sənədlər, prosedurlar və müntəzəm auditlər vasitəsilə məlumatların işlənilməsi fəaliyyətlərinin qanuniliyini təmin edir;
• kənardan alınan xidmətlər üçün fərdi məlumatlara kənardan çıxış tələb edilərsə, AZAL üçüncü şəxsin Qanunun müddəalarına riayət etməyini tələb edir;
• bütün işçiləri, xüsusən fərdi məlumatlara çıxışı olanları onların Qanun çərçivəsində vəzifələri və məsuliyyətləri barədə məlumatlandırmaq üçün zəruri addımlar atır.
10. Məxfilik Sənədinin dəyişdirilməsi
AZAL istənilən vaxt hazırkı Sənədi dəyişdirmək hüququnu özündə saxlayır. Dəyişikliklər AZAL-ın rəsmi internet səhifəsində (mobil tətbiqdə) yerləşdirildiyi gündən etibarən qüvvəyə minmiş hesab olunur. Yenilənmiş Sənəd ilə tanış olmaq müştərinin şəxsi məsuliyyətidir.