“Azərbaycan Hava Yolları”nın qiymət siyasəti
"Azərbaycan Hava Yolları" aviaşirkətinin bütün beynəlxalq reyslərində dinamik qiymətqoyma siyasəti tətbiq edilir. Bu o deməkdir ki, bu və ya digər istiqamət üzrə aviabiletin dəyəri uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişir.
Bu aviabilet dəyərinin formalaşdırılması sistemi aviaşirkətlərə bu və ya digər reysin maksimum yüklənməsini təmin etməyə, eyni zamanda fövqəladə hallarda təxirəsalınmaz uçuşu tələb olunan sərnişin kateqoriyası üçün təyyarədə boş yerləri hər zaman saxlamağa imkan verən beynəlxalq səviyyədə tanınmış uğurlu təcrübədir.
AZAL aviaşirkətinin tarif siyasəti hər reysdə bir neçə tarif sinfini nəzərdə tutur və aviabiletin dəyəri əvvəlcədən müəyyən edilir - ən aşağı tarifdən ən yüksək tarifədək. Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. Bu, sərnişinləri aviabiletləri öncədən almağa sövq edir, aviaşirkətlərə isə təyyarədə kifayət qədər sərnişinlərin olacağına zəmanət verir.
Tarif siniflərini xidmət sinifləri ilə – yəni ekonom sinif və ya biznes sinfi ilə qarışdırmaq lazım deyil. Hər bir xidmət sinfi bir neçə tarif sinfini əhatə edə bilər. Tariflər, həmçinin, aviabiletlərin qaytarılması və ya dəyişdirilməsi şərtləri ilə fərqlənə bilər.
Qeyd etmək lazımdır ki, aviaşirkətlərin xərcləri “COVID-19” pandemiyası dövründə əhəmiyyətli dərəcədə artmışdır. Bu xərclər, əsasən, yanacağın dəyərinin artması, hava gəmilərinin dezinfeksiyası ilə bağlı hava limanlarında yerüstü xidmət haqqının yüksəlməsi və digər amillərlə əlaqədardır.
Buna baxmayaraq, hər bir sərnişin aviabilet alarkən qənaət edə və ən münasib qiymətə aviabilet ala bilər. Bunun üçün səyahətlərinizi planlaşdırmağı və biletləri əvvəlcədən - gedişdən 2-3 ay əvvəl və ya, daha yaxşı olar ki, aviabilet satışının başlandığı elan edilən kimi dərhal almağınızı məsləhət görürük. Həmçinin hər istiqamət üçün ayrıca bilet almaqdansa, gediş-dönüş aviabiletlərini əldə etmək daha sərfəlidir. Həm də nəzərə almaq lazımdır ki, səyahətin pik mövsümündə – məsələn, yay məzuniyyətləri dövründə, Yeni İl və ya digər uzunmüddətli bayramlar zamanı biletlər daha tez satılır və nəticə edibarilə daha baha olur. Məhz səyahətini ilk planlaşdıranlar ən münasib qiymətə bilet ala biləcəklər.